home-services-slider-image
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
 
Nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, R.Qasımov küç., ev 93 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qocayev Yavər Fəxrəddin oğluna məxsus ət satış mağazasında Agentlik əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
 
Yoxlama zamanı ət satışı mağazasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, üzərində möhürü olmayan ət məhsullarının satışının həyata keçirildiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçinin sanitar geyim qaydalarına riayət etmədiyi və tibbi müayinədən keçmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
 
AQTA bir daha qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
 
home-services-slider-image
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
 
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Yeni Akvitanya regionunda və Rusiya Federasiyasının Mari El Respublikasında Nyukasl, Avstriya Respublikasının Yuxarı Avstriya inzibati ərazi vahidində, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya, Bavariya vilayətlərində, Çexiya Respublikasının Ustetsk, Kraloveqradetsk, Zlin diyarlarında və Filippin Respublikasının Kapiz əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
 
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Fransa Respublikasının Yeni Akvitanya regionundan, Rusiya Federasiyasının Mari El Respublikasından, Avstriya Respublikasının Yuxarı Avstriya inzibati ərazi vahidindən, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya, Bavariya vilayətlərindən, Çexiya Respublikasının Ustetsk, Kraloveqradetsk, Zlin  diyarlarından və Filippin Respublikasının Kapiz əyalətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
home-services-slider-image
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən növbəti epizootoloji monitorinqlər keçiriləcək.
 
Monitorinqlərin təşkil olunması üçün Agentliyin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
 
23-27 yanvar tarixlərində keçiriləcək epizootoloji monitorinqlər Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, həmçinin Abşeron yarımadasındakı və Salyan, Ağcabədi, Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarının su-bataqlıq və dənizsahili zonalarını, eləcə də digər əraziləri əhatə edəcək. Monitorinqlər zamanı ərazi ilə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi və xəstəlik törədicisinin aşkar olunması məqsədilə çöl quşlarının ovlanması planlaşdırılır. Eyni zamanda həmin müddətdə Bakı və Sumqayıt şəhərlərində, Siyəzən, Xaçmaz, Astara, Masallı, Neftçala, Şirvan və Abşeron rayonlarında fəaliyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Xaçmaz, Astara, Salyan, Neftçala və Lənkəran rayonlarının ailə təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
 
Epizootoloji monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə müşahidələrin aparılması, xəstə və ya tələf olmuş heyvanlara rast gəlindikdə isə diaqnostik nümunələrin götürülməsi nəzərdə tutulub.
home-services-slider-image
Heyvan kəsimi və ət satışı ilə məşğul olan sahibkarlarla görüşlər keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
 
Tədbirlər çərçivəsində AQTA Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən ət satışı mağazalarının sahibləri ilə görüşlər keçirib. Tədbirlər rayonun Əliyar Əliyev küçəsində yerləşən heyvan kəsimi məntəqələrində təşkil olunub.
 
Görüşlərdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı bildirilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.
 
Qeyd edək ki, Agentlik fəaliyyətə başladığı dövrdən hazırkı vaxta  qədər  Bakı şəhəri ərazisində baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimini həyata keçirən subyektlərə kəsimin dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib, bildirişlər paylansa da qanunsuz küçə kəsimi davam etdirilir.
home-services-slider-image
Azərbaycanda ilk dəfə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə aidiyyəti qurumlarla birgə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
 
Peyvəndləmə ölkəmizdə ilk dəfə olaraq helikopterlə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə aldadıcı yem vasitəsilə həyata keçirilib. Tərtib edilmiş xəritə və müəyyənləşdirilmiş marşrut üzrə relyef quruluşu nəzərə alınmaqla, təqribən 600 km məsafədə müvafiq normalara uyğun aldadıcı yem briketləri səpələnib.
 
Peyvəndləmə AQTA-nın, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun mütəxəssislərinin iştirakı ilə aparılıb.
 
Agentlik əhalidən səpələnmiş aldadıcı yem briketlərinə toxunmamağı xahiş edir. Eyni zamanda bildirir ki, bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə belə, bu, həmin heyvanlar üçün təhlükə yaratmır.
 
AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir.
 
Qeyd edək ki, son illər ölkə ərazisində keçirilən monitorinqlər zamanı ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında quduzluq xəstəliyi aşkar olunub. Xəstəliyin baş verdiyi ərazilərdə aparılan epidemioloji araşdırmalarda həmin heyvanların insanlara və ev heyvanlarına xəsarət yetirdiyi, nəticədə insanların da xəstəliyə yoluxduğu müəyyən edilib. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ekspertləri tərəfindən ölkəmizin baytarlıq sisteminin qiymətləndirilməsi missiyası dövründə regionda quduzluq xəstəliyinin epizootoloji risk səviyyəsinin yüksək olduğu qənaətinə gəlinib. Buna görə də, müasir dünya təcrübəsinə uyğun olaraq, yüksək riskli ərazilərdə quduzluq xəstəliyinin yayılmasında əsas rol oynayan ətyeyən vəhşi heyvanlar və sahibsiz itlər arasında aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılmasının vacibliyi bildirilib.
 
Onu da qeyd edək ki, dünyada helikopterlərin köməyi ilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə geniş tətbiq olunur. Bu üsuldan istifadə edilməsi nəticəsində artıq Amerika Birləşmiş Ştatları, Avstraliya, Yeni Zelandiya və Avropa ölkələrində quduzluq xəstəliyinə rast gəlinmir. Aviasiyanın tətbiqi ilə aldadıcı yem vasitəsilə peyvəndləmənin aparılması Qafqaz regionunda, o cümlədən ölkəmizdə ilk dəfə həyata keçirilir.
home-services-slider-image
Yüksək patogen quş qripinə qarşı epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Dünyada yüksək patogenli quş qripi xəstəliyinə görə epizootoloji vəziyyət gərgin olaraq qalır və son bir ildə xəstəlik bir sıra ölkələrdə, xüsusən Avropada endemik formada təzahür edir. Xəstəliyin yayılması başlıca olaraq köçəri quşlar vasitəsilə, həmçinin xüsusi risk daşıyan quşçuluq məhsullarının idxalı zamanı baş verir.
 
Ölkə ərazisinə xəstəliyin keçməsinin qarşısının alınması üçün Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq təlimatlarına uyğun baytarlıq nəzarət tədbirlərinin yerinə yetirilməsi ilə yanaşı, köçəri quşların yaz və payız miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla epizootoloji monitorinqlər keçirilir.
 
Bu məqsədilə Qida Təhlükəsizliyi Agentliyin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarından ibarət İşçi qrupu yaradılıb.
 
Cari ilin 21-25 noyabr və 12-16 dekabr tarixlərində respublika ərazisində keçirilmiş epizootoloji monitorinqlərdə Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq, dənizsahili zonalarında və digər ərazilərdə çöl quşlarına ümumi baxış keçirilib.
 
Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ çöl quşlarından patoloji materiallar götürülüb. Bu müddətdə Bakı və Sumqayıt şəhərindəki, Sabirabad, Beyləqan, Cəlilabad, Lerik, Xaçmaz, Quba Şabran, Siyəzən, Lənkəran, Ucar, İmişli, Hacıqabul, Salyan və Abşeron rayonlarındakı sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində quşlardan, Bakı şəhəri, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı ailə təsərrüfatlarından isə müxtəlif növ ev quşlarından laborator müayinə üçün qan nümunələri götürülüb, ərazilərə ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.
 
Monitorinqlər zamanı çöl və ev quşlarından götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
 
Ölkənin xəstəliklə mübarizədə hazırlığının yüksək səviyyədə olmasının təmin edilməsi məqsədilə digər zəruri tədbirlərlə yanaşı, cari ilin 16-17 noyabr tarixlərində xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimi təşkil edilib. Təlimdə quş qripi, dabaq və quduzluq xəstəlikləri baş verdiyi halda ölkədə böhran vəziyyətinin idarə olunması, səyyar laboratoriya diaqnostikasının aparılması, eləcə də bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılması əsas hədəf olaraq müvafiq hazırlıq səviyyəsinin yüksəldilməsi üçün real xəstəlik vəziyyəti şəraitində 3 ədəd səyyar BSL-3 səviyyəli laboratoriya və digər zəruri texniki vasitələr sınaqdan keçirilib. Simulyasiya təlimi haqqında məlumat Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının internet səhifəsində yerləşdirilib (https://bit.ly/3PTMfRX;  https://bit.ly/3i0dg9M).
 
Monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında müşahidələr aparılıb, xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.