Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, R.Qasımov küç., ev 93 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qocayev Yavər Fəxrəddin oğluna məxsus ət satış mağazasında Agentlik əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Yoxlama zamanı ət satışı mağazasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, üzərində möhürü olmayan ət məhsullarının satışının həyata keçirildiyi, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçinin sanitar geyim qaydalarına riayət etmədiyi və tibbi müayinədən keçmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
AQTA bir daha qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.