Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
 
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Yeni Akvitanya regionunda və Rusiya Federasiyasının Mari El Respublikasında Nyukasl, Avstriya Respublikasının Yuxarı Avstriya inzibati ərazi vahidində, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya, Bavariya vilayətlərində, Çexiya Respublikasının Ustetsk, Kraloveqradetsk, Zlin diyarlarında və Filippin Respublikasının Kapiz əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
 
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
 
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Fransa Respublikasının Yeni Akvitanya regionundan, Rusiya Federasiyasının Mari El Respublikasından, Avstriya Respublikasının Yuxarı Avstriya inzibati ərazi vahidindən, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya, Bavariya vilayətlərindən, Çexiya Respublikasının Ustetsk, Kraloveqradetsk, Zlin  diyarlarından və Filippin Respublikasının Kapiz əyalətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.